Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası (ARDDA) Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2001-ci il tarixli 697 saylı Sərəncamına əsasən yaradılmış və həmin tarixdən fəaliyyətə başlamışdır.
ARDDA Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli 395 saylı Fərmanı ilə təsdiqlənmiş Əsasnaməyə müvafiq olaraq, Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Dövlət Dəniz Administrasiyasınin rəisi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə, müavinləri isə Azərbaycan Respublikasının Baş Naziri tərəfindən vəzifəyə təyin edilir.
Dövlət Dəniz Administrasiyasının ştatı 48 nəfərdən ibarətdir. Administrasiyada çalışanların əksəriyyəti müvafiq sahədə böyük staja və təcrübəyə malik yüksək ixtisaslı mütəxəssislərdir.
Administrasiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”ni rəhbər tutur.
Azərbaycan Respublikası 15 may 1995-ci il tarixindən Beynəlxalq Dəniz Təşkilatının (BDT) üzvüdür. Dövlət Dəniz Administrasiyası BDT ilə sıx əlaqə yaradaraq təşkilatın iclaslarında, şuralarında və asambleyalarında yaxından iştirak edir. Bu günədək ARDDA tərəfindən hazırlanaraq Milli Məclisə təqdim olunmuş 18 Beynəlxalq Konvensiya və həmin konvensiyalara 8 Protokol ali qanunverici orqan tərəfindən qəbul olunmuşdur. ARDDA bu konvensiyaların Azərbaycan Respublikasında yerinə yetirilməsinə dair BDT-yə mütəmadi olaraq hesabatlar verir.
Administrasiyanın strukturu
Hüquq, kadr, beynəlxalq əlaqələr və konvensiyalar şöbəsi
Beynəlxalq əlaqələr və konvensiyalar sektoru
Hüquq və kadr sektoru
Gəmi heyəti şöbəsi
Diplom, imtahan və sertifikatlaşdırmà sektoru
Pasport sektoru
Dəniz təhlükəsizliyi şöbəsi
Dövlət bayraq və liman nəzarəti sektoru
Dəniz mühitinin müdafiəsi sektoru
Regional müfəttişliklər sektoru
Texniki əməkdaşlıq və gəmi quruluşu standartlarına nəzarət şöbəsi
Gəmi, liman və texniki vasitələr sektoru
Gəmilərin qeydiyyatı sektoru
Maliyyə - iqtisadiyyat sektoru
Ümumi sektor
Administrasiyanın fəaliyyət istiqamətləri
- müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak və bu siyasətin həyata keçirilməsini təmin etmək;
- müvafiq sahənin inkişafını təmin etmək.
Administrasiyanın vəzifələri və funksiyaları
- müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimləməni həyata keçirmək;
- dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
- qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
- qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquqmüəyyənedici sənədlər vermək;
- qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş hallarda və qaydada insan və vətəndaş hüquqları və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
- qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;
- Azərbaycan Respublikasının ərazisində liman nəzarətini və Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərə münasibətdə bayraq nəzarətini həyata keçirmək;
- dəniz üzgüçülüyünün təhlükəsizlik sistemini təşkil etmək və Azərbaycan Respublikasının ərazisində dəniz üzgüçülüyü qaydalarına nəzarət etmək;
- dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tədbirlər görmək;
- qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərin (kiçik həcmli gəmilər istisna olmaqla) dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq, habelə gəmi sənədlərini vermək;
- qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası dəniz registrinin fəaliyyətini tənzimləmək, habelə Azərbaycan Respublikasında beynəlxalq təsnifat cəmiyyətlərinin fəaliyyət göstərməsinə razılıq vermək və onların fəaliyyətinə nəzarət etmək;
- qanunvericiliklə müəyyən edilmiş qaydada dənizçi pasportlarının, dənizçilik rütbələrinin verilmə qaydalarının layihələrini hazırlamaq və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək, dənizçilərə ixtisas şəhadətnamələri (diplomları) və dənizçi pasportları vermək;
- qanunvericiliklə müəyyən edilmiş qaydada limanlar, liman məntəqələri və yükaşırma terminalları daxil olmaqla, dəniz nəqliyyatı obyektlərinin tikintisinə icazə vermək;
- mülkiyyət növündən və milli mənsubiyyətindən (dövlət bayrağından) asılı olmayaraq, gəmilərdən və obyektlərdən neft və neft məhsullarının və digər zərərli maddələrin dənizə axıdılmasının qarşısının alınması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində zəruri tədbirlər görmək;
- Azərbaycan Respublikasının Xəzər dənizinin axtarış-xilasetmə məsul sektorunda Azərbaycan Respublikasının və xarici dövlətlərin dəniz və aviasiya qəza-xilasetmə xidmətləri tərəfindən dənizdə qəzaya uğramış insanların axtarışı və xilas edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində iştirak etmək;
- mülkiyyət növündən asılı olmayaraq, bütün gəmi və digər üzən qurğuların adlandırılması (kiçik həcmli gəmilər istisna olmaqla) qaydalarını, habelə Azərbaycan Respublikasının ərazi sularında üzmə qaydalarını hazırlamaq;
- müvafiq sahəyə aid olan qanunvericiliyin pozulmasına görə şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;
Administrasiya fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri də yerinə yetirə bilər.
Administrasiya öz vəzifələrini yerinə yetirmək üçün müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək, müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq, qanunvericiliyə uyğun olaraq gəmi heyəti üzvlərinə verilmiş şəhadətnamələri (diplomları) ləğv etmək və ya onların qüvvədə olmasını dayandırmaq, müvafiq sahədə işçi qrupları və komissiyalar yaratmaq, müvafiq sahə ilə bağlı konfranslar, seminarlar və digər tədbirlər keçirmək, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş hallarda və qaydada Azərbaycan Respublikasının ərazisində mülkiyyət növündən və milli mənsubiyyətindən (dövlət bayrağından) asılı olmayaraq, bütün dəniz gəmilərinə, liman və digər dəniz nəqliyyatı obyektlərinə maneəsiz daxil olmaq, həmçinin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlara malikdir.