AZ EN
Haqqımızda
TT hazırlıqları
GLVM BM
Gəmiçilik şirkətləri
Əmniyyəlilitlik
Qanunvercilik
Xəbərlər arxivi
Qalereya
Xəzər dənizi
Sual ver
Azərbaycan haqqında

Xəbərlər arxivi

10.06.2009
25 may-6 iyun 2009-cu ildə London şəhərində Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 86-cı sessiyası keçirilib

 
Dünya ticarət məhsullarının 90 faizindən çox hissəsi dəniz nəqliyyatı vasitəsilə daşınır və bu daşımalar həyata keçirilərkən təhlükəsizliyin təmin olunması ümdə məsələlərdən biridir. Elə buna görə də dəniz nəqliyyatı sahəsində beynəlxalq vahid standartların müəyyən edilməsi, eləcə də qəbul olunmuş normativlərə riayət edilməsinə nəzarət edən effektiv mexanizmin yaradılması zərurəti nəzərə alınaraq Birləşmiş Millətlər Təşkilatının strukturuna daxil olan Beynəlxalq Dəniz Təşkilatı yaradılmışdır. 

Beynəlxalq Dəniz Təşkilatının yaradılması ilə dəniz nəqliyyatı sahəsində beynəlxalq standartların yaradılması, onların inkişaf etdirilməsi, bu standartların dəniz dövlətləri tərəfindən qəbul edilməsi və universal qaydada yerinə yetirilməsi istiqamətində beynəlxalq dəniz nəqliyyatı sahəsində canlanma meydana gəldi. Beynəlxalq Dəniz Təşkilatı qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün effektiv fəaliyyət göstərən təşkilata çevrildi. Təşkilat tərəfindən dənizçiliyin hər bir sahəsinə dair çoxlu sayda konvensiya və məcəllələr, eləcə də müxtəlif reqlamentlər və təlimatlar hazırlanaraq qəbul edilmişdir. Bu sənədlər 168 üzv dövlətin iştirak etdiyi komitə və altkomitələrin sessiyaları, habelə Beynəlxalq Dəniz Təşkilatının assambleyaları kimi tədbirlərdə müzakirə edilərək qəbul olunur.

Belə tədbirlərdən biri də 25 may-6 iyun 2009-cu ildə London şəhərində keçirilən Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 86-cı sessiyası idi.  Sessiyanın gündəliyində dənizdə təhlükəsizliyin artırılması üzrə tədbirlər, dəniz quldurluğunun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartlar, dənizdə həyata keçirilən xilasetmə və axtarış fəaliyyətinin təkmilləşdirilməsi, Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlər tərəfindən dövlət nəzarətinin həyata keçirilməsi vəziyyəti və təsnifat cəmiyyətlərinin fəaliyyətlərinə nəzarət mexanizminin gücləndirilməsi metodları ilə əlaqədar məsələlərin müzakirə edilməsi nəzərdə tutulmuşdu.

Sessiya zamanı Somali sahillərində ticarət gəmilərini dəniz quldurlarının basqınlarından mühafizə etmək məqsədilə həyata keçirilən tədbirlər barədə təqdimat dinlənilmiş, dəniz quldurlarının gəmiləri ələ keçirmək üçün əl atdıqları müxtəlif vasitələr haqqında danışılmış və son zamanlar dəniz quldurlarına mərdliklə müqavimət göstərmiş gəmi heyətləri barədə tədbir iştirakçılarına məlumat verilmişdir.

Dəniz quldurluğu ilə bağlı məsələlərə Dəniz Təhlükəsizliyi Komitəsinin 86-cı sessiyasında geniş yer ayrılmasına səbəb son dövrlərdə dəniz quldurluğu hallarının artması və daha geniş miqyas alması, dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsinə baxmayaraq, bu problemin tamamilə aradan qaldırılmasına nail olunmaması idi. 

Sessiyada keçirilmiş digər müzakirələr zamanı üzv dövlətlərin dəniz nəqliyyatı sahəsində mövcud beynəlxalq konvensiyaların tələblərinə riayət etmələri vəziyyəti, yeni inşa olunan gəmilərə tətbiq edilməli standartlar, təsnifat cəmiyyətlərinin fəaliyyətlərinə nəzarət edilməsi ilə bağlı məsələlər müzakirə edildi və bunlarla bağlı altkomitələrin və işçi qruplarının məruzələri dinlənildi. İclasda beynəlxalq konvensiyaların tələblərinə əməl olunması vəziyyətinin müəyyən edilməsi məqsədilə Beynəlxalq Dəniz Təşkilatının ekspert qrupu tərəfindən audit yoxlaması keçmiş üzv dövlətlərin, habelə yoxlamaların keçirilməsi planlaşdırılan dövlətlərin siyahısı nümayəndə heyətlərinə təqdim olundu.

Dinləmələrdə Azərbaycan Respublikasının qoşulmuş olduğu konvensiyaların tələblərinə tam əməl edilməsi, xüsusilə də bu sahənin daim dövlət nəzarətində saxlanılması nümayəndə heyətlərinin nəzərinə çatdırıldı.

Bununla yanaşı, görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət nəticəsində respublikanın bütün sahələri üzrə dinamik inkişafı, o cümlədən Azərbaycanda dəniz nəqliyyatı sahəsində görülmüş işlər, dövlət başçısının bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı, həyata keçiriləcək tədbirlər, habelə Beynəlxalq Dəniz Təşkilatı ilə Azərbaycan Respublikası hökuməti arasında əməkdaşlıq barədə Beynəlxalq Dəniz Təşkilatına, eləcə də üzv dövlətlərə geniş məlumat verildi.

 





25.05.2010

BÖYÜK BRİTANİYANIN LONDON ŞƏHƏRİNDƏ KEÇİRİLƏN BEYNƏLXALQ DƏNİZ TƏŞKİLATI DƏNİZ TƏHLÜKƏSİZLİYİ KOMİTƏSİNİN 87-Cİ SESSİYASI BAŞA ÇATIB. SESSİYADA AZƏRBAYCANI DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASININ RƏİSİ QÜDRƏT QURBANOVUN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ TƏMSİL EDİB.
07.05.2010

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 87-Ci İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASINDA ( ARDDA) “ DƏYİRMİ MASA”KEÇİRİLİB.
12.03.2010

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
12.02.2010

QAZAXSTAN RESPUBLİKASININ AKTAU ŞƏHƏRİNDƏ “QAZAXSTAN RESPUBLİKASINDA DƏNİZ ADMİNİSTRASİYASININ YARADILMASINA HƏSR EDİLƏN DƏYİRMİ MASA”DA AZƏRBAYCAN RESPUBLİKASININ NÜMAYƏNDƏ HEYƏTİ İŞTİRAK EDİB.
13.10.2009
ÜMUMDÜNYA DƏNİZÇİLİK GÜNÜ MÜNASİBƏTİ İLƏ BEYNƏLXALQ TƏDBİR.
AZƏRBAYCAN 15-21 OKTYABR 2009-CU İL TARİXLƏRDƏ AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ NYU-YORK ŞƏHƏRİNDƏ KEÇİRİLƏCƏK BEYNƏLXALQ DƏNİZ TƏŞKİLATININ ÜZVÜ OLAN DÖVLƏTLƏRİN DƏNİZ ADMİNİSTRASİYALARI BAŞÇILARININ İŞTİRAKI İLƏ TƏŞKİL OLUNAN RƏSMİ TƏDBİRDƏ TƏMSİL OLUNACAQ.


  © 2007 Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası. Bütün hüquqlar qorunur.
  Sitat gətirilmə və informasiyanın istifadəsində http://www.ardda.gov.az hiperlinkə istinad edilməsi vacibdir.